REGİONLAR
Saatlıda 14 hektardan çox ərazidə salınan Göycə alçası bağı damcılı suvarma ilə becəriləcək FOTO VİDEO
Saatlı, 5 aprel, AZƏRTAC
Saatlıda ilk dəfə olaraq geniş ərazidə məşhur Göycə alçası bağı salınıb. Alça tingləri müasir suvarma sistemi ilə suvarılacaq.
AZƏRTAC xəbər verir ki, məşhur Göycə alçası artıq Saatlı rayonunda da yetişdiriləcək. Bağ üçün rayonun Qaralar kəndində 14 hektardan çox ərazi ayrılıb. Tinglər əkilib və hazırda aqrotexniki tədbirlər yerinə yetirilir.
Təsərrüfat sahibi Ələsgər Əhmədov bildirib ki, bağ müasir damcı suvarma sistemi ilə becəriləcək. Artıq bunun üçün bağda suvarma sistemi qurulur. Əsas məqsəd suya qənaət etməklə daha çox məhsul götürməkdir. Bundan başqa, fermer bağın salınmasında dövlət dəstəyindən də faydalanıb. Ələsgər Əhmədov qeyd edib ki, hər hektara 800 manat subsidiyanın verilməsi, eyni zamanda, damcı suvarma sisteminin alınması zamanı dövlət tərəfindən olunan güzəşt onun işini xeyli asanlaşdırıb. Həmçinin əraziyə elektrik xətlərinin çəkilməsi üçün də dövlət tərəfindən lazımi kömək göstərilib.
Hazırda bağda damcı suvarma sisteminin əsas hissəsi quraşdırılıb. Montajçı Məmmədov Zahir deyir ki, sistemin quraşdırılmasına iki gündür başlanılıb. Bundan əvvəl isə, ərazidə nasosxana tikilib, daşıyıcı borular çəkilib. Hazırda nasosxanada və paylayıcı xətlərdə montaj aparılır.
Qeyd edək ki, 14 hektarlıq bağda 10 min Göycə alçası tingi əkilib. Hazırda bağa qulluq göstərilir. Meyvə ağaclarının üçüncü ilində məhsul yığılması gözlənilir.