İQTİSADİYYAT
Sabah işə başlayacaq sərgilərdə işgüzar əlaqələrin gücləndirilməsi üçün 200-dən çox görüş olacaq
Bakı, 14 may, Ramiz Quliyev, AZƏRTAC
Mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Ipack Caspian” və “HOREX Caucasus” sərgilərinin ilk 2 günü xarici, yerli istehsalçı və distribüterlərin, eləcə də pərakəndə satış şəbəkəsi nümayəndələrinin iştirakı ilə gələcək əməkdaşlıq və tərəfdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün ənənəvi “B2B” formatlı görüşlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində artıq 200-dən çox görüş planlaşdırılıb. Bu görüşlər bütün mövcud işgüzar əlaqələrin gücləndirilməsi, eləcə də biznesin inkişafı üçün yeni imkanlar açacaq.
Həmçinin sərgi çərçivəsində ilk dəfə olaraq “Uğurlu biznesin keyfiyyətli məhsulu” mövzusunda treninq seansının keçirilməsi də planlaşdırılır, burada sessiya iştirakçıları onları maraqlandıran suallar ilə mütəxəssislərə müraciət edə və öz təcrübələrini həmkarları ilə paylaşa bilərlər.