REGİONLAR
Şabran sakininin evində marixuana, heroin və narkotik tərkibli həblər aşkarlanıb VİDEO
Şabran, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılan şəxs Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Xalisovdur.
Hal şahidlərinin iştirakı ilə V.Xalisovun evinə baxış zamanı oradan qurudulmuş marixuana, 18 ədəd sellofan və kağız bükümdə satış üçün hazırlanmış ümumi çəkisi 20,2 qram olan heroin, 5 ədəd şpris, 1 ədəd elektron tərəzi, 60 ədəd “Tramadol” və digər narkotik tərkibli həblər aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.