CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud 54 uşağın reabilitasiyası yekunlaşıb

Bakı, 13 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən 54 nəfər sağlamlıq imkanları məhdud uşağın reabilitasiyası yekunlaşıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak edib.

Qeyd olunub ki, mərkəz sağlamlıq imkanları məhdud uşaqları ilkin sosial reabilitasiya xidməti ilə təmin edir.

Sosial Xidmət Mərkəzində uşaqların inkişaf səviyyəsi qiymətləndirilir, sosial-reabilitasiya proqramına uyğun olaraq fərdi və ya qrup terapiyalarına cəlb edilirlər. Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial pedaqoq və aktiv terapiya üzrə mütəxəssis multidisiplinar komanda şəklində xidmət göstərir.

Uşaqlarla yanaşı onların valideynləri də diqqət mərkəzində saxlanılır. Psixoloq tərəfindən sosial-psixoloji vəziyyəti qiymətləndirilmiş valideynlər həm fərdi, həm də qrup terapiyalarına cəlb olunur, eləcə də valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərdə iştirak edirlər.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri çıxış edərək mərkəzin fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşüb və reabilitasiya proqramına cəlb olunan övladlarında müşahidə olunan müsbət dəyişikliklərə görə minnətdarlıqlarını bildiriblər.

Azyaşlıların iştirakı ilə ədəbi-bədii proqram təqdim olunub.

Xidmətdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və agentliyin Abşeron-Xızı regional filialına (Sumqayıt şəhəri, 9 mikrorayon, “Qəlb” klinikasının yanı), eləcə də 116123 “Qayğı” Çağrı mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.