REGİONLAR
“Şahdağ” Turizm Mərkəzi tur-aksiya iştirakçılarının sevimli məkanına çevrilib
Qusar, 27 mart, Elxan Yusifli, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzi möhtəşəm istirahət məkanıdır. Qusarın təbiəti çox gözəldir. Ölkəmizdə bir sıra rayonlarda belə istirahət mərkəzi var. Bu, ölkəmizin turizm sahəsində inkişafının göstəricisidir. Ümumiyyətlə, olduğumuz hər bir rayonda inkişaf nəzərə çarpır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı, Xocavənd məktəblisi Tamara Rüstəmova söyləyib.
Məktəbli Qusara ikinci dəfə gəldiyini bildirib. “Ekskursiyamız düşündüyümdən də maraqlı keçir. Biz bu tur-aksiya zamanı Vətənimizin nə qədər qədim tarixə malik olduğunu gözlərimizlə görürük. Bizə ekskursiya etmək imkanı yaratdığı üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq”, - deyə məktəbli bildirib.
Tur-aksiyanın digər iştirakçısı Zəngilan məktəblisi Fəqan Paşayev də şimal bölgəsinə ekskursiyadan çox zövq aldıqlarını söyləyib.
“Dünən Quba, bu gün isə Qusarın görməli yerlərini gəzdik. Şimal bölgəsinin təbiəti füsunkar gözəlliyə malikdir. Dağlıq ərazilər çox xoşuma gəlir. “Şahdağ” Turizm Mərkəzi isə dağlar qoynunda möcüzədir. Dünyanın hər yerindən bura turistlər gəlir. Biz kanat yollarında gəzdik. Məlumat verildi ki, buradakı otellər yüksək səviyyəli xidməti ilə seçilir”, - deyə tur-aksiya iştirakçısı söyləyib.