REGİONLAR
“Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümü başlayır
Qusar, 13 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 15-də Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünə start veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin gündən etibarən xizək liftləri və 18 sürüşmə yamacı xizək, həmçinin snoubord həvəskarlarının ixtiyarında olacaq.
Mövsümün təntənəli açılışında turistlərə canlı musiqi, uşaqlar üçün maraqlı əyləncələr və qonaqların istirahətinə rəng qatan başqa xidmətlər təqdim ediləcək.
Hər il olduğu kimi, bu qış mövsümündə də “Şahdağ” Turizm Mərkəzi müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayacaq. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 15-ə yaxın qış əyləncəsi qonaqların ixtiyarında olacaq. Eləcə də turistlər qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarından istifadə edə biləcəklər.