REGİONLAR
Sahibinə gəlir gətirən cins toyuqlar REPORTAJ VİDEO
Qazax, 8 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Artıq neçə aylardır ki, pandemiya ilə mübarizə həyatımızın bir hissəsinə çevrilib. Belə çətin dövrdə nəinki işsiz qalmamaq, hətta qazanmağın nisbətən asan yollarını da axtarıb tapanlar var, işi olub əlavə qazanclı sahələrlə məşğul olanlar da... Necə deyərlər, öz gün-güzəranını qaydaya salmaq üçün hərə bir işin qulpundan yapışmağa çalışır.
AZƏRTAC xəbər verir ki, Qazax rayonunun Ağköynək kəndində yaşayan gənc fermer Sərxan Eminov bahalı ev quşları ticarəti ilə məşğul olur. O, görünüşcə yerli cinslərdən təxminən 2-3 dəfə böyük olan həmin ev quşlarından ayda təxminən 1000-1500 manat gəlir əldə etdiyini söyləyir.
Fermer pandemiya dövründə, xüsusən də karantin rejiminin tətbiq edildiyi müddətdə öz təsərrüfatından maksimum faydalanmağa çalışır. Həyətində saxladığı yerli toyuq-cücələrini bir neçə il əvvəl bahalı cins ev quşları ilə əvəz edib.
Sərxan öz məhsullarının bazara çıxarılmasına belə ehtiyac olmadığını, internet vasitəsilə onun təsərrüfatından xəbər tutub sifariş verən çoxlu alıcılarının olduğunu bildirir. Onun dediyinə görə, görkəmi və çəkisi ilə göz oxşayan dekorativ quşlar, həm də yumurta istehsalına görə sərfəlidir. Təsərrüfatda həmin quşların 10-a yaxın növü var. Onların istehsal etdiyi yumurtanın qiyməti isə rənginə və çeşidinə görə 3 manatdan 10-15 manatadək dəyişir.
Qardaşı ilə birgə çalışan Sərxan deyir ki, onun təsərrüfatında olan “Black Motley Brahma”, yəni Qara mərmər Brahma adlanan toyuq növünə ölkə bazarında çox nadir hallarda rast gəlinir. Onun qiymətinin bahalığı elə bununla əlaqədardır. Təsərrüfat sahibi toyuqların cinslərinin qarışmaması üçün hər növü ayrı-ayrılıqda bəsləməyi üstünlük verir. Hindəki şərait də müasir tələblər səviyyəsində qurulub.
Gənc fermerin ev quşlarının bəziləri dekorativ cinsdəndir. Ekzotik görünüşü - tüklü ayaqları, istiyə və soyuğa davamlı olması ona qarşı marağı artırır. Eyni zamanda, həmin quşları bəsləmək iqtisadi baxımdan da əlverişli hesab olunur.