İQTİSADİYYAT
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Ticarət və Sənaye Palatası əməkdaşlıq edəcək
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, sənədi Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, “Uzstroymaterialı” Səhmdar Şirkətinin sədri Botir Zaripov, “Tashkent City” Unitar Müəssisəsinin direktoru Caxongir Artıkxocayev, “Uzkimyesanoat” Səhmdar Cəmiyyətinin sədr müavini Dmitriy Pak, Özbəkistanın investisiyalar üzrə Dövlət Komitəsinin sədr müavini Laziz Kudratov, “Uzbekneftqaz”, “Navruz International Corp”, “Middle Asia Rotoplast” şirkətlərinin nümayəndələri və azərbaycanlı sahibkarlar iştirak ediblər.
İmzalanma mərasimindən əvvəl Daşkənddə səfərdə olan Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Özbəkistan–Azərbaycan biznes forumunda iştirak ediblər.
Bu gün azərbaycanlı iş adamları Səmərqəndə yola düşəcəklər. Orada şəhər icra hakimiyyətinin rəhbərliyi və yerli sahibkarlar ilə görüş keçiriləcək.
Xatırladaq ki, səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması, sahibkarlarımızın bu ölkənin şirkətləri ilə işgüzar əlaqələr qurmaları və Özbəkistanda investisiya mühiti ilə tanış olmaları məqsədini daşıyır.