REGİONLAR
Şahmat idman növü üzrə keçirilən yarışların qalibləri mükafatlandırılıb
Ağsu, 26 noyabr, AZƏRTAC
Ağsuda məktəblər arasında respublika çempionatının proqramına daxil olan şahmat idman növü üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində təşkil olunan yarışlar “şahmat” fənni tədris olunan pilot ümumtəhsil tam orta məktəblərinin 2-4-cü sinif şagirdləri (2009-2011–ci il təvəllüdlü) arasında dairəvi sistem üzrə keçirilib. Yarışlara 7 pilot ümumtəhsil tam orta məktəb komandalarından 42 şahmatçı qatılıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda şəhər 2 saylı tam orta məktəb I yeri tutub. II, III və IV yerləri müvafiq olaraq şəhər 5 saylı, 3 saylı tam orta və Pirhəsənli kənd tam orta məktəbləri qazanıb.
Qaliblərə Təhsil Nazirliyinin diplomları verilib. Dörd komanda üzrə fərqlənən şahmatçılara rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin və şahmat məktəbinin fəxri fərmanları təqdim olunub.