İDMAN
Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışlarında qaliblər müəyyənləşib
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, rusiyalı şahmatçılar Yekaterina Laqno Jansaya Abdulmalik (Qazaxıstan), Valentina Qunina Vayşali Rameşbabunu (Hindistan) məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Rusiyanın digər təmsilçisi Olqa Qirya rəqibi Sarasadat Hademalşarieh (İran) ilə mübarizədə məğlub olub. Dörddəbir finalda uğurla çıxış edən Anna Uşenina (Ukrayna) çinli Hou Yifanı məğlub edərək yarımfinala yüksəlib.
Qeyd edək ki, yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana 4,5:5,5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.
Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.