REGİONLAR
Şahmatçıların “Əcnəbilər” komandası futzal birinciliyinin qalibi olub
Naxçıvan, 7 may, AZƏRTAC
Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində futzal birinciliyi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, birincilikdə “Hakimlər”, “Əcnəbilər”, “Naxçıvan şahmatçıları” və “Naxçıvan” komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə keçirilən birinciliyin final qarşılaşmasında qonaqlardan ibarət komanda ilə “Naxçıvan” komandası üz-üzə gəlib. Görüş əcnəbilərin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda görüşdə isə ədalət
təmsilçiləri naxçıvanlı zəka sahiblərinə məğlub olublar – 1:4.
Sonda qalib komanda plaket və kubokla, digər qaliblər isə plaketlə təltif olunublar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.