SİYASƏT
Salman Xudadadi: Azərbaycanın müstəqillik mübarizəsi çətin yollardan keçsə də, nəticədə xalq azadlığa qovuşdu
Tehran, 22 yanvar, AZƏRTAC
Azərbaycanın müstəqillik mübarizəsi çox çətin yollardan keçsə də, nəticədə xalq azadlığa qovuşdu və öz dövlətini qurdu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İran İslam Şurası Məclisinin (parlament) deputatı, İran-Azərbaycan parlamentlərarası işçı qrupunun həmsədri Salman Xudadadi deyib.
O bildirib ki, İran xalqı kimi Azərbaycan xalqı da müstəqillik və azadlığı uğrunda qanını axıtmaq məcburiyyətində qalıb. İmperiya nə qədər çalışsa da, xalqı qorxuda bilməyib. Müasir dünyada Azərbaycan xalqı hansı yolla irəli gedəcəyini özü müəyyənləşdirib. Onun sözlərinə görə, İran ilə Azərbaycan xalqları ortaq tarixə, mədəniyyətə, dinə, milli dəyərlərə malik olduğu kimi azadlıq uğrunda apardıqları mübarizələri də çox oxşardır. Hər iki xalq azadlığı və ərazi bütövlüyü uğrunda ağır mübarizə aparıb və çoxlu sayda şəhid verib. Bu gün Azərbaycan öz inkişafı ilə şəhidlərin qanının yerdə qalmadığını göstərir.
S.Xudadadi bildirib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İrana səfərini xatırlayan deputat diqqətə çatdırıb ki, qarşılıqlı əməkdaşlıq əlaqələrinin əsası da məhz Heydər Əliyev tərəfindən qoyulub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran