REGİONLAR
Salyanda sahələrin suvarılması mütəşəkkil aparılır, 66 nasos stansiya işlək vəziyyətdədir VİDEO
Salyan, 30 may, AZƏRTAC
Salyan rayonunda su istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Salyan Suvarma Sistemləri İdarəsi tərəfindən mühüm tədbirlər görülür. Suvarma mövsümü öncəsi kanallarda lildən təmizləmə işləri aparılır, hidrotexniki qurğular və nasos stansiyalar təmir olunur.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə ötən il Yeni Muğan nasos stansiyasında Kür çayının müvafiq səviyyəsinə uyğun əlavə bir ədəd nasos komplektinin quraşdırılması işlərini tamamlayaraq istismara verib. Su itkisinin qarşısını almaq məqsədilə torpaq məcralı suvarma kanalı 500 metr məsafədə, Akuşa-2 nasos stansiyasında isə suaparıcı kanal və su başlığı əsaslı təmir olunaraq 80 metr məsafədə beton üzlüyə alınıb. 15 ədəd elektrik mühərriki əsaslı təmir olunaraq nasos stansiyalarında quraşdırılıb.
Bu ilin suvarma mövsümünə hazırlıq məqsədilə Salyan Suvarma Sistemləri İdarəsi uzunluğu 16 kilometr olan və 3240 hektar əkin sahələrinə xidmət göstərən suvarma kanalında 10 kilometr məsafədə lildən təmizlənmə işləri aparıb. Həmin kanal üzərindəki 85 ədəd hidrotexniki qurğu əsaslı təmir olunub. İdarə üzrə ötən il 650 kilometr suvarma kanallarında lildən təmizlənmə işləri yekunlaşıb, 85 ədəd hidrotexniki qurğu, 9 ədəd hidropost, 72 ədəd nasos aqreqatı, 15 ədəd elektrik mühərriki cari təmir olunub. Hazırda idarənin balansında olan torpaq məcralı kanalları bir neçə istiqamətdə texnikalar vasitəsilə lildən təmizlənir.
Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsi Salyan rayonunda 45897 hektar əkin sahəsinə xidmət edir. İdarənin balansında 1182 kilometr uzunluğunda suvarma kanalı mövcuddur. Suvarılmanın mütəşəkkil aparılması üçün 66 ədəd nasos stansiyasından istifadə edilir. Bunun 54 ədədi stasionar, 10 ədədi üzən, 2 ədədi isə səyyar stansiyadır.