REGİONLAR
Salyandakı sort-sınaq məntəqəsində 19 növ pambıq sortu becərilir
Salyan, 22 may, Mahir Babayev, AZƏRTAC
Salyanda yaradılan Dövlət sort-sınaq məntəqəsində bu il 15 hektar sahədə 19 növ yüksək reproduksiyalı pambıq növü becərilir ki, bunun da 16 növü yerli, 3-ü isə Türkiyədən gətirilmiş sortlardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xeyli vaxtdır ki, məntəqənin əkin sahələrində səpin başa çatdırılıb və becərmə işləri aparılır.
Sort-sınaq məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, səpin aparılan 15 hektar sahənin bir hektarı sınaqda olan sortlardır. Qalanı isə Türkiyədən gətirilmiş “Kamizon” sortudur. Hər il olduğu kimi, bu il də səpin işləri vaxtında başa çatdırılıb.
Mütəxəssislərin dediyinə görə yetişdirilmiş pambıq sortlarının hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və s. göstəricilər aydınlaşdırılır, sonra dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur.