REGİONLAR
Salyanın Kürsəngi kəndinə təbii qaz verilib
Bakı, 10 fevral, AZƏRTAC
Salyan rayonunun Kürsəngi kəndi “mavi yanacaq”la təmin olunub.
“Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə fevralın 10-da Salyan rayonunun Kürsəngi kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.
Tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 940 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Əkbər Hacıyev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən birliyin baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran “Azəriqaz”ın baş direktoru yaxınlıqdakı evlərdən birinin mətbəxində olub, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.