REGİONLAR
Salyanın Sarvan kənd tam orta məktəb binası əsaslı təmir olunur
Salyan, 23 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanın 480 şagird yerlik Sarvan kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılıb. 1974-cü ildə istifadəyə verilən məktəb binasında 44 il ərzində bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq artıq məktəb binasında təmir işlərinə başlanılıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Təhsil Nazirliyi tərəfindən aparılan təmir işlərinə yenicə başlanıb və işlərin bu ilin sentyabrınadək başa çatdırılması nəzərdə tutulub.
Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı və pəncərələri yeniləşəcək, isitmə və havalandırma sistemi qurulacaq, sinif otaqları, fənn kabinələri, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar demək olar ki, yenidən tikiləcək. Təhsil ocağının yeni avadanlıq və inventarlarla təchiz olunması da nəzərdə tutulub. Məktəbin ərazisində də müəyyən abadlıq işləri aparılacaq, yeni idman qurğuları quraşdırılacaq. Bir sözlə, məktəbdə şagirdlərin normal təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Məktəb binası bu ilin sentyabrında müəllim və şagird kollektivinin istifadəsinə veriləcək.