MƏDƏNİYYƏT
Şamaxı İncəsənət Təhsili Mərkəzində ümummilli lider Heydər Əliyevə həsr edilmiş konsert
Bakı, 6 may, AZƏRTAC
Şamaxı İncəsənət Təhsili Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar konsert olub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri və Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri birgə iştirak ediblər.
Qonaqlar əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Şamaxının mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert olub. Orkestrin müşayiəti ilə şagirdlərdən Leyla Fərəcova, Fidan Muxtarova, Nihat Məmmədov, Zərqələm Mehdiyeva, Ayan Məmmədli və Murad İbrahimovun çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.
Xatırladaq ki, tədris ocağının 2013-cü ildə istifadəyə verilən yeni binasında gənc istedadların fəaliyyəti üçün hər cür şərait yaradılıb.