CƏMİYYƏT
Şamaxı rayon Müalicə Diaqnostika Mərkəzində seminar keçirilib
Bakı, 7 may, AZƏRTAC
Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Şamaxı rayon Müalicə Diaqnostika Mərkəzində elmi-praktik seminar keçirilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tədbirdə institutun ixtisaslaşmış həkimləri tərəfindən “İcbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində aparılan kardioloji xidmətlər”, "EKQ-nin əsasları” , “EKQ-nin praktik əsasları”, “ExoKQ-nin əsasları”, “Rezistent Arterial hipertenziyanın müalicəsi”, “Perikarditlər: etiologiya, patogenez, müalicə”, “Xroniki ürək çatışmazlığının müalicəsində yeni yanaşma” mövzularında təqdimatlar edilib.
Məlumat üçün qeyd edək ki, konfrans Şamaxı, Ağsu, Qobustan, İsmayıllı rayonlarını təmsil edən kardioloq, terapevt, reanimatoloq və təcili tibbi yardım həkimlərinin iştirakı ilə keçirilib.
AZƏRTAC-0-EA