REGİONLAR
Şamaxıda ulu öndər Heydər Əliyevə həsr olunmuş videokonfrans təşkil edilib
Şamaxı, 8 may, AZƏRTAC
Şamaxıda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Türkiyə Respublikası Qars şəhəri Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim" mövzusunda videokonfrans keçirilib.
Şamaxı rayon Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə videokonfransın moderatorları Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları Azərbaycan türkcəsi və ədəbiyyatı bölümünün rəhbəri, dosent İlkin Qulusoy və rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb, zəngin dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqının qəlbində əbədi yaşayan, xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Nuru Quliyev çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən söz açıb, Ümummilli Liderin Qars Qafqaz Universitetinin Fəxri Doktoru ünvanını aldığını və orada yaradılmış Heydər Əliyev Təhsil Mərkəzinin iki ölkə arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Qars Qafqaz Universitetinin rektor müavini, professor Engin Kılıç ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu və memarı, türk millətləri içərisindən çıxmış cəsur və uzaqgörən dövlət xadimi olmasından bəhs edib.
Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirib. Qeyd edib ki, Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.
Qars Qafqaz Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Hacəli Nəcəfoğlu çıxışında ümummilli liderin Heydər Əliyevin elm və təhsilə böyük önəm verməsindən, Qarsa gəlişindən, Qarsda da çox sevilməsindən, adına park salınması və büstünün qoyulmasından bəhs edib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov isə çıxışında qeyd edib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutur.
Tarix İnstitutunun şöbə müdiri Qasım Hacıyev Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artmasının məhz ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində baş verdiyini bildirib. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınıb, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləyib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlət" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.