CƏMİYYƏT
Şamil Ayrım: Mərhum Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan-Türkiyə qardaşlığını zirvələrə qaldırıb VİDEO
Ankara, 11 may, AZƏRTAC
Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anadan olmasının 99-cu ilində hörmət və ehtiramla yad edirik. Ruhu şad olsun! Mərhum Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycan bütün mənalarda qarışıq günlər yaşayırdı. Bu problemlər böyük uzaqgörənliklə aradan qaldırıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Ulu Öndərin Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsinə hər zaman böyük önəm verdiyini, “Bir millət, iki dövlət!” anlayışının həyat gerçəkliyi olduğunu, mərhum Heydər Əliyevin böyük uzaqgörənliklə Azərbaycan-Türkiyə qardaşlığını zirvələrə qaldırdığını diqqətə çatdıran Türkiyə parlamentinin təmsilçisi deyib ki, Azərbaycan möhtəşəm Qarabağ zəfəri ilə tarix yazıb.
Mərhum Heydər Əliyevin ən böyük arzusunun Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olduğunu diqqətə çatdıran türkiyəli deputat Şamil Ayrım bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və ardıcıl siyasət nəticəsində Qafqazın parlayan ulduzuna çevrilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara