MƏDƏNİYYƏT
San-Remoda 69-cu italyan estrada mahnıları festivalı başlayır
Bakı, 5 fevral, AZƏRTAC
Bu gün İtaliyada, Liquriya sahillərində yerləşən San-Remo şəhərində məşhur italyan estrada mahnıları festivalı başlayır. 1951-ci ildən keçirilən bu ənənəvi musiqi bayramı bu il sayca 69-cu dəfə təşkil olunur. Festival İtaliyanın “Rai” dövlət televiziya və radiosu tərəfindən canlı yayımlanacaq. Musiqi bayramı “Ariston” teatrının səhnəsində təşkil olunacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, müsabiqədə 24 iştirakçı öz kompozisiyasını münsiflər heyəti və tamaşaçıların ixtiyarına buraxacaq. Ötən il olduğu kimi, festivalın bədii rəhbəri bu il də aparıcı Klaudio Balyonidir. Ənənəyə görə, əsas aparıcı qismində o, özü çıxış edəcək. İştirakçıları təqdim etmək üçün iki məşhur komediya ustaları – Vircinio Raffaele və Klaudio Bizio da dəvət olunublar. Onların iştirakı şouya əlavə rəng qatacaq.
İştirakçılar arasında tanınmış müğənnilər Ariza, Nek, Simone Kristikki olacaq, italyan estrada səhnəsinin veteranı müğənni Pati Pravo isə gənc partnyoru Briqa ilə duet təqdim edəcək.
San-Remo festivalının qalibi adını almış pop-opera janrı ifaçıları - “II Volo” triosu müsabiqədə yeni kompozisiya ilə çıxış edəcəklər.
Beş gecə davam edən festivalın sonuncu günü qalib elan olunacaq.
Onu da qeyd edək ki, festivalın qonaqları arasında populyar musiqiçilər – Eros Ramazzotti, Luçano Liqabue, Corca, həmçinin öz oğlu və İtaliya kinosunun aparıcı aktyorları ilə ifası gözlənilən məşhur tenor Andrea Boçelli də olacaq. Britaniyalı Tom Uolkerin də festivala qatılacağı elan edilib.