SİYASƏT
Sankt-Peterburqda yaşayan azərbaycanlılar Rusiya prezidenti vəzifəsinə namizəd Vladimir Putinin seçkiqabağı qərargahını yaratmışlar
Moskva, 13 fevral (AZƏRTAC). Rusiyanın şimal paytaxtında yaşayan azərbaycanlılar Rusiya prezidenti vəzifəsinə namizəd Vladimir Putinin seçkiqabağı qərargahını yaratmışlar.
Qərargahın yaradılması təşəbbüsünü “Sabina” şirkətlər qrupunun prezidenti, “Azərbaycanlıların dostları Cəmiyyəti – Naxçıvan” , Sankt-Peterburq Azərbaycan diasporu Beynəlxalq Mərkəzinin rəhbəri, “Mir dobra” Sankt-Peterburq xeyriyyəçilər birliyi” qeyri-kommersiya tərəfdaşlığının prezidenti İdris Qəhrəmanov tərəfindən irəli sürülmüşdür.
Sankt-Petrburq ictimai təşkilatlarının nümayəndələri - “Azərbaycanlıların dostları Cəmiyyəti – Naxçıvan”, “Mir dobra” Sankt-Peterburq xeyriyyəçilər birliyi”, “Sabina” ticarət kompleksinin ticarət meydanlarının və “Sabavtoservis” şirkətinin əməkdaşları ilk yığıncaqda siyasi məkanda aktual vəziyyəti müzakirə etmişlər.
İ.Qəhrəmanov hər bir əməkdaşın fəal vətəndaş mövqeyinin olmasının vacibliyini diqqətə çatdırmış, hamını martın 4-də seçkilərə gəlməyə çağırmışdır.
İdris Qəhrəmanov toplaşanları təmsil etdikləri müəssisə və təşkilatlarda keçirilmiş yığıncaqlarda qəbul olunmuş qərarları dəstəkləməyə, Rusiya hökumətinin hazırkı sədri Vladimir Putinə səs verməyə, başqa sözlə, sabitlik və Rusiyanın gələcək inkişaf kursunu dəstəkləməyə çağırmışdır. Yığıncaq iştirakçıları Rusiya prezidenti seçkilərində təbliğat işi aparmaq üçün 10 nəfərdən ibarət qərargah seçmiş və təbliğat tədbirləri planını təsdiq etmişlər. Qərargahın sədri yekdilliklə İdris Qəhrəmanov seçilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva