REGİONLAR
Saray məktəblilərindən yeni layihə: “Müzəffər ordunun qəhrəmanları” VİDEO
Xırdalan, 14 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bu ideya Abşeron rayon Saray qəsəbə 3 saylı tam orta məktəbin hazırladığı “Müzəffər ordunun qəhrəmanları” adlı layihənin əsas qayəsini təşkil edib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra Mərkəzdə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qarabağ müharibəsi qazilərinin, idman sahəsində yüksək nailiyyətlər qazanmış idmançıların, rayon ziyalıları və məktəblilərin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
Sonra Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar Müəllim Təyyubə Hüseynova tədbir iştirakçılarına görüşün məqsədi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.
İkiqat paralimpiya çempionu, cüdo üzrə dünya çempionu İlham Zəkiyev qeyd edib ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlər olduğundan onun gənc nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətləri olub.
Qəhrəman kəşfiyyatçı İbad Hüseynov çıxış edərək işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu söyləyib.
Beynəlxalq dərəcəli hakim, "Afina-2004" olimpiadasının bürünc medalçısı Fuad Aslanov, tanınmış Azərbaycan kikboksçusu Eduard Məmmədov çıxışlarında ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatların vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırıblar.
Sonda Saray qəsəbə 3 saylı tam orta məktəbin kollektivinin hazırladığı rəqslər, bədii kompozisiyalar nümayiş olunub. Vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının çıxışı tədbirə xüsusi rəng qatıb. Məktəblilərin hazırladığı “Müzəffər ordunun qəhrəmanları” bədii proqramı böyük maraqla və alqışlarla qarşılanıb.