Sarayevoda turizm bumu yaşanır
AzerTAg.az

Sarayevo, 28 aprel, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun da daxil olduğu Sarayevo Kantonunda turizmlə bağlı rəqəmlər bu sektorun pandemiyadan əvvəlki günlərə qayıtmağa başladığını göstərir.
AZƏRTAC xəbər verir ki, Sarayevo Kantonu Turizm Bürosunun məlumatına görə, cari ilin ilk üç ayında turizm göstəriciləri bu sektorda rekordun qeydə alındığı 2019-cu ilin səviyyəsinə yaxınlaşıb. Belə ki, ilin ilk rübündə Sarayevo Kantonunu ziyarət edən turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 92 faiz artıb. Üç ayda kantonu 79 min 417 turist ziyarət edib.
Yay mövsümünün uğurlu keçəcəyini gözləyən mütəxəssislər bu dövrdə turizmi dəstəkləyən bir çox mədəni, musiqi, əyləncə və idman tədbirlərinin keçiriləcəyini bildiriblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Xəbərin mətnində orfoqrafik səhv var