CƏMİYYƏT
Seçenov Universitetinin Bakı filialında “Müasir şüa diaqnostikasının aktual məsələləri” mövzusunda konfrans keçirilib VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında “Müasir şüa diaqnostikasının aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə 100-dən çox həkim, habelə gənc mütəxəssislər və Seçenov Universiteti Bakı filialının tələbələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan tədris və müalicə məsələləri üzrə prorektor, tibb elmləri doktoru Novruz Hacıyev Seçenov Universiteti Bakı filialının rektoru, professor Əziz Əliyevin adından konfrans iştirakçılarını salamlayıb. Diqqətə çatdırılıb ki, elmi-praktik konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Konfransda qeyd olunub ki, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti və səhiyyə sisteminin ehtiyatlarından səmərəli istifadə edilməsi tibb kadrlarının hazırlıq səviyyəsindən birbaşa asılıdır. Bununla əlaqədar dünyanın aparıcı ölkələrində istifadə edilən fasiləsiz tibb təhsili daha yüksək səviyyəli tibbi yardımın təmin olunması üçün zəmin yaradır. Həkimlərin bilik və bacarıq səviyyələrinin elmin və səhiyyənin sürətli inkişafına uyğun olaraq artırılması böyük əhəmiyyət kəsb edir. Fasiləsiz tibb təhsilinin əsas məqsədi əhaliyə göstərilən səhiyyə xidmətinin yüksək səviyyəsinin təmin olunmasıdır. Eyni zamanda, bu sistem həkimlərin peşə biliklərinin təkmilləşdirilməsi, həmçinin onların məsuliyyətinin artırılmasına kömək edir.
Konfransın elmi hissəsi tematik məruzələrlə davam edib. Yauzadakı Klinik Hospitalın şüa diaqnostikası bölməsinin müdiri Anton Silin “Kardiologiyada maqnit-rezonans tomoqrafiya” məruzəsi işə çıxış edib.
Tədbir həmin hospitalın həkim-rentgenoloqu Andrey Meşeryakovun ağciyər xərçənginin skrininqində az dozalı KT skanlaşdırılması imkanları ilə əlaqədar çıxışı ilə davam edib. Həkim “KT – kolonoqrafiya” və “Ağciyər qovşaqlarının menecmenti” mövzularında məruzələrini də təqdim edib.
Milli Onkologiya Mərkəzinin həkim-rentgenoloqu Sədi Sarıyevin məruzəsində KT tomoqrafiyanın ağciyər xərçənginin diaqnostikasında rolu haqqında məlumat verilib.
Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova “Koronar KT anqioqrafiyası metodunun koronar aterosklerozun diaqnostikasında əhəmiyyəti” mövzusunda məruzə edib.
Sonra məruzələr ətrafında diskussiyalar və konfrans iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda konfransın işində fəal iştirak etdikləri üçün bütün iştirakçılara sertifikatlar təqdim olunub və konfransın yekunlarına dair onlara 8 kredit balı hesablanıb.