CƏMİYYƏT
Seçimimiz sağlam həyatdır
Bakı, 7 noyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsi (RPİ) narkomaniyaya qarşı mübarizəyə dair “Seçimimiz sağlam həyatdır” devizi altında növbəti tədbiri Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində təşkil edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəbin direktoru Gülnarə Abdullayeva bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün gənclərimizi “ağ ölüm”ün ağuşundan almaq, ona düçar olanları sağlam həyata qaytarmaq üçün hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov ölkəmizin qazandığı iqtisadi və siyasi uğurların əldə olunmasında gənclərin rolunu xüsusi qiymətləndirib.
Rayon polis idarəsinin rəis müavini, polis polkovniki Şaiq Əliyev bildirib ki, narkomaniya ilə mübarizənin çətinliyindən, bu bəlanın əsasən uşaqları və gəncləri hədəfə almasından danışıb. Bildirib ki, narkotik tacirləri əsasən, uşaqların və gənclərin cəmləşdikləri yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq etmək məcburiyyətində qalır.
Təhsil Nazirliyinin nümayəndəsi Həbib Kərimov bildirib ki, narkomanlıq və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığında, ölkədə əmin-amanlığın mühafizəsində mühüm rol oynayır.
Tədbirin sonunda qonaqlar şagirdlərin hazırladığı “Lalənin arzusu” cizgi filminə və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.