ELM VƏ TƏHSİL
Səfir: ADU-da macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması təqdirəlayiqdir
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor diplomatik missiyası başa çatmaqda olan səfirlə ötən dövrdə keçirilən görüşlərin səmərəsi haqqında danışıb. Qeyd olunub ki, ADU-da fəaliyyət göstərən Macar Mərkəzi bir sıra önəmli tədbirlərin təşkil olunmasında yaxından iştirak edir. Bildirilib ki, mərkəz macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə müsbət təsir imkanlarına malikdir. Mərkəzinin əsas prinsiplərindən olan Macarıstanla Azərbaycan arasında münasibətlərin inkişafına töhfə verməsi xüsusilə diqqəti çəkir.
Səfir Viktor Szederkenyi göstərilən diqqətə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədilə görülən işlər təqdirəlayiqdir. Qarşılıqlı əməkdaşlığın faydalarından danışan səfir gələcəkdə də yeni əməkdaşlıq istiqamətlərinin olacağına əminliyini vurğulayıb.
Görüşdə, həmçinin aparılan elmi işlərin və səfirlik vasitəsilə tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də müzakirə olunub.
Daha sonra Vişeqrad qrupuna həsr olunmuş sərgiyə baxış keçirilib.