REGİONLAR
Şəhid Əliheydər Məmmədovun xatirəsi anılıb VİDEO
Beyləqan, 28 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Birinci Qarabağ müharibəsi şəhidi Əliheydər Məmmədovun anadan olmasının 62-ci ilində xatirəsi anılıb. Şəhidin qəhrəmanlıq dolu həyatından, keçdiyi döyüş yolundan danışılıb.
Beyləqan rayonu Təzəkənd kəndində şəhid Əliheydər Məmmədovun anım gününə həsr edilən tədbirdə ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin və ictimai birliklərin nümayəndələri, veteranlar, qazilər, kənd sakinləri, məktəbin kollektivi iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edənlər Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun əldə etdiyi Qələbədən söhbət açıblar. Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşündə işğal altında olan torpaqlarımız azad edilməklə bərabər, şəhidlərimizin də qisası alındı.
Qeyd olunub ki, Birinci Qarabağ müharibəsində canını Vətən uğrunda fəda edən şəhidlərimizin özlərindən sonra miras qoyduğu vətənpərvərlik məktəbinin davamçıları şərəfli işin öhdəsindən layiqincə gəldilər və ata-babalarının yarım qalan işlərini tamamladılar.
Birinci Qarabağ müharibəsi zamanı Beyləqan batalyonunun komandiri olan Eynulla Həsənov bildirib ki, Əliheydər Məmmədov özündən sonrakı nəsillər üçün örnək olan qəhrəmanlardan biridir. Əliheydər müəllim işləsə də, Vətənin harayına cavab verərək, könüllü döyüşlərə yollanıb.
Şəhidin oğlu Səxavət Məmmədov qeyd edib ki, atası torpağına, Vətəninə çox bağlı biri olub. Məktəb illərində də şagirdlərinə təhsillə bərabər vətənpərvərliyi aşılayıb: “Atam 1992-ci il mayın 27-də Xocavəndin Əmiralılar kəndi istiqamətində gedən ağır döyüşlər zamanı 5 yoldaşını xilas edərək şəhidlik zirvəsinə ucalıb. Onun adını daşıyan məktəbdə ötən illərdə yüzlərlə davamçısı yetişib. Atamın şagirdləri Vətən müharibəsində nümayiş etdirdikləri qəhrəmanlıqları ilə seçiliblər”.
Anım günündə ictimai birlik tərəfindən hazırlanan medal və fəxri fərman şəhid Əliheydər Məmmədovun adını daşıyan nəvəsinə təqdim edilib.
Sonda məktəb şagirdləri Vətənə və qəhrəmanlara həsr edilən şeirlər söyləyiblər.