MƏDƏNİYYƏT
Şəhid Nicat Əhmədovun məzarı ziyarət olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları 4 nömrəli filialı ilə birgə Keşlə qəsəbəsində yerləşən Vətən müharibəsi şəhidi Nicat Həsən oğlu Əhmədovun məzarını ziyarət ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhid N.Əhmədovun məzarı önünə gül dəstələri düzülərək, onun əziz xatirəsi yad edilib.
Şəhidin məzarı önündə onun döyüş şücaətlərindən danışılıb. Bildirilib ki,1998-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olan N.Əhmədov 2020-ci ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın düşmən tapdağında azad olunması uğrunda döyüşlərində iştirak edib. Nicat Əhmədov oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Nicat Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.