REGİONLAR
Şəhid hərbi pilot Feyruz Cəlilovun döyüş yolundan bəhs edən “Sonuncu uçuş” filmi təqdim olunub VİDEO
Siyəzən, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycanın ilk hərbi pilotlarından biri Feyruz Cəlilovun döyüş yolundan bəhs edən “Sonuncu uçuş” filmi təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman pilotun ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri və arxiv sənədləri əsasında lentə alınan film 34 yaşında şəhid olan F.Cəlilovun şərəfli ömür və döyüş yolunu əks etdirir. Filmin müəllifi Orxan Cabbarov, rejissoru Ruslan Hüseynovdur.
Siyəzən şəhərindəki Mədəniyyət Sarayında təşkil olunan tədbirdə rayon rəhbərliyi, şəhidin döyüş yoldaşları, onunla birlikdə işləmiş həmkarları çıxış edərək F.Cəlilovun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.
Feyruz Cəlilov 1957-ci il mayın 30-da anadan olub. Orta məktəbi bitirdikdən sonra Ukraynada Kremençuq Mülki Aviasiya Təyyarəçilik Məktəbində təhsil alıb. 1981-ci ildə Zabrat aviamüəssisəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ildə istehsalatdan ayrılmadan Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini uğurla başa vurub.
Qarabağ müharibəsinin ən qızğın vaxtında kapitan Feyruz Cəlilov könüllü olaraq əməliyyatlara qoşulub. Həmin illərdə Azərbaycan hərbi aviasiyasının şəxsi heyəti mülki aviasiyanın pilotları hesabına formalaşırdı. F.Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərib. 1993-cü il avqustun 30-da onun idarə etdiyi helikopter Qubadlı səmasında ermənilər tərəfindən vurulub və uçuş heyəti həlak olub.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Feyruz Cəlilovun doğulub boya-başa çatdığı Məşrif kəndindəki tam orta məktəb onun adını daşıyır.
Şəhidin oğlu Qabil Cəlilov atasının yolunu davam etdirir. Hazırda Zabrat aviamüəssisəsində çalışan Qabil atası ilə fəxr etdiyini, torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmağa hər an hazır olduğunu bildirib.
Çıxışlardan sonra nümayiş etdirilən “Sonuncu uçuş” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.