REGİONLAR
Şəhidlik zirvəsinin 23 yaşlı fatehi Vüsal Muradovun xatirəsi anılıb
Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Poeziya Evində “Şəhidlik zirvəsinin 23 yaşlı fatehi” adlı ədəbi-bədii gecə keçirib. Vətən müharibəsində Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Vüsal Cəsarət oğlu Muradovun doğum gününə həsr edilən tədbir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə reallaşıb.
Ədəbi- bədii gecə Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidin həyatı və döyüş yolu haqqında geniş məlumat verilib.
Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid analarına dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, polkovnik Fikrət Quliyev, şəhid Vüsal Muradovun anası Kəmalə xanım və digərləri çıxış ediblər.
Şəhid Vüsal Muradovun həyat və döyüş yolundan bəhs edən “Zirvədə bitən ömür” kitabı əsasında ədəbi kompozisiya nümayiş olunub.
Şəhidə həsr olunan şeirlər səsləndirilib, müğənnilərin ifasında vətənpərvər ruhlu musiqilər ifa olunub. Tədbir “Sumqayıt” rəqs qrupunun “Xarıbülbül” rəqsi ilə bitib.