REGİONLAR
Şəki Regional Təlim Mərkəzi mexanizatorlar üçün təlimlər təşkil edib
Şəki, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Aqrar Təlim Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən mexanizatorlar üçün “Biçinə hazırlıq məqsədilə texnikaların istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim təşkil edilib.
Regional Təlim Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Aqroservis” ASC-nin Şəki filialında keçirilən təlim zamanı mexanizatorlara yanğın təhlükəsizliyi qaydaları barədə metodiki məlumatlar verilib. Diqqətə çatdırılıb ki, kombaynı idarə etməyə və texnikaya qulluq göstərməyə tibbi müayinədən keçən, kombaynı idarə etməyə vəsiqəsi olan, yaşı 18-dən az olmayan şəxslər buraxılır. Kombaynçı mümkün təhlükəli amillər haqqında məlumatlı olmalı, yanğın təhlükəsizliyi qaydalarını bilməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır.
Mexanizatorlara nasaz kombaynla işə çıxmağın yolverilməz olmasının, alət və qurğuların təyinatına görə istifadə olunmasının, nəzərdə tutulmuş fərdi mühafizə vasitələrindən istifadə edilməsinin vacibliyi çatdırılıb. Bildirilib ki, mexanizator bədbəxt hadisə baş verdikdə zərərçəkənə ilkin tibbi yardım göstərməyi bilməlidir. O, təlimatın tələblərinə riayət etməyə görə məsuliyyət daşıyır.
Təlimin sonunda mexanizatorları maraqlandıran suallar cavablandırılıb.