REGİONLAR
Şəki: arpa sahələrində orta məhsuldarlıq 31,1 sentnerdir
Şəki, 7 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanin ən iri taxılçılıq rayonlarından olan Şəkidə bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi, Kiçik Dəhnə, Şəkikənd, Suçma, Qayabaşı, Bolludərə kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 6,4 min hektar sahənin arpası biçilib, 19,9 min ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 31,1 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Baş məsləhətçi bildirib ki, cari mövsümdə rayonda 68 min 68 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 45 min 962 hektarını buğda, 22 min 106 hektarını arpa sahələri təşkil edir. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 906 hektar artıb. Ümumilikdə, biçin kampaniyasına 125 ədəd taxılbiçən kombayn, 95 ədəd küləşpresləyən aqreqat, 250 ədəd şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin 5 ədəd yanğınsöndürən və 9 ədəd su maşını cəlb olunub.
Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 221 min ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Taxıl istehsalı 2017-ci illə müqayisədə 7 min ton artıb.