CƏMİYYƏT
Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri məlum olub
Bakı, 28 noyabr, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən beş məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələri məlum olub. Araşdırmalar zamanı agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələr laborator müayinələrdən keçirilib.
AQTA-dan AZƏRTAC-a bildiriblər ki, müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkarlanmayıb. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən həmin hadisənin qida zəhərlənməsi olmadığı müəyyənləşib.