REGİONLAR
Şəkidə sahibkarlar üçün treninq keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və maariflənmə imkanlarının artırılması məqsədilə keçirilən treninq kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, maliyyənin idarə edilməsi mövzularını əhatə edib.
Treninqdə biznes risklərinin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
İştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, apellyasiya şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.