REGİONLAR
Şəkinin təsərrüfatlarında tütün əkininə hazırlıq işləri görülür
Şəki, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari təsərrüfat ilində rayonda 1210 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Şəkili fermerlər bu il 400 hektar sahədə “Virciniya botaniki”, 810 hektarda isə digər növ tütün yetişdirəcəklər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 58 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin ortalarında sahələrə köçürüləcək. Hazırda tütün əkiləcək sahələr təkrar şumlanır, malalanır.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3835 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 193 ton artıb.