MƏDƏNİYYƏT
Şəkiyə gələn turistlərin sayı ildən-ilə artır
Şəki, 10 dekabr (AZƏRTAC). Son illər Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər sosial obyektlər inşa edilir, körpülər tikilir, yollar salınır. Eyni zamanda, şəhərdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılır, meydan və xiyabanlar öz simasını dəyişir, şəhər abadlaşır, gözəlləşir.
Rayonun turizm potensialı barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşən şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov bildirmişdir ki, bütün bu amillər, şübhəsiz ki, Şəkiyə gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Əgər 2004-cü ildə rayona gələn turistlərin sayı cəmi 2800 nəfər təşkil etmişdisə, 2005-ci ildə bu rəqəm 6000 nəfər, 2006-cı ildə 9000 nəfər, 2007-ci ildə 11500 nəfər, 2008-ci ildə 12600 nəfər, 2009-cu ildə isə 13200 nəfər olmuşdur. Cari ilin 11 ayında isə Şəkiyə 13178 nəfər turist gəlmişdir. Onlardan 1938 nəfərini xarici turistlər təşkil etmişdir. İlin sonunadək rayona gələn turistlərin sayının 13400 nəfərə çatacağı gözlənilir.
Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə Şəkiyə gələn turistlərin sayının 30 min nəfərdən çox olacağı proqnozlaşdırılır.
Şöbə müdiri bildirmişdir ki, hazırda rayonda 16 turizm-istirahət mərkəzi fəaliyyət göstərir. 3 il bundan əvvəl Şəki şəhərində Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması turizm infrastrukturlarının daha da genişlənməsinə, turistlərə göstərilən xidmət növlərinin sayının artmasına və bütövlükdə turizm xidmətinin səviyyəsinin yüksəldilməsinə əlverişli zəmin yaratmışdır. Artıq Şəkidə atçılıq, ovçuluq və dağ turizminin inkişafı istiqamətində də mühüm addımlar atılır. Yaxın gələcəkdə ekoturizm sahəsində də xidmətlərin təşkili nəzərdə tutulur. 2006-cı ildən etibarən rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində hər il may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü milli oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir. Bu il də dekabrın ikinci yarısında Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda yarışların keçirilməsi nəzərdə tutulur. İldən-ilə coğrafiyası genişlənən bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, eyni zamanda atçılıq turizminin inkişaf etdirilməsi məqsədi daşıyır.