ELM VƏ TƏHSİL


Seminar iştirakçıları Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar

Bakı, 25 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzinin (DİM) Göyçay regional bölməsinin əməkdaşları tərəfindən 2019-cu ildə qəbul və buraxılış imtahanlarında zal nəzarətçisi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan müəllimlər üçün keçirilən seminar-məşğələlər başa çatıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 10-dan başlanan seminarlara Kürdəmir, Ucar, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş və Zərdab rayonları üzrə 277 nəzarətçi-müəllim cəlb edilib.

Seminar-məşğələlərdə nəzarətçilər imtahanların gedişi haqqında prosedur qaydaları ilə yanaşı, ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə uyğun istifadə olunacaq cavab vərəqlərinin doldurulması, eləcə də xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulan dinləmə qurğusundan istifadə edilməsi üsulu ilə tanış olublar. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.

Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

DİM-in Göyçay regional bölməsinin əməkdaşları tərəfindən cari ildə keçiriləcək müvafiq imtahanlarda buraxılış rejimində iştirak edəcək qadın müəllimlər üçün seminar-məşğələlər keçirilib. Seminarlarda imtahan verəcək şagirdlərin sayına uyğun olaraq Kürdəmirdən 10 nəfər, Ucardan 9 nəfər, İsmayıllıdan 9 nəfər, Şamaxıdan 8 nəfər, Qobustandan 5 nəfər, Ağsudan 7 nəfər, Zərdabdan 5 nəfər, Göyçaydan 10 nəfər, Ağdaşdan isə 10 nəfər olmaqla ümumilikdə 73 nəfər iştirak edib.

Seminar iştirakçılarına buraxılış rejimini aparmaq qaydaları ətraflı izah olunub, onların şəxsi anket məlumatları dəqiqləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.