REGİONLAR


Şəmkirdə istixana şəraitində yetişdirilən çiyələk əkini genişləndirilir

Şəmkir, 12 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Uzun müddətdir çiyələk yetişdirməklə məşğul olan şəmkirli fermerlərin bu sahəyə marağı ilbəil artır. Çünki, dövlət tərəfindən verilən dəstək fermerlərin daha çox gəlir götürməsinə şərait yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələk Şəmkir rayonunun əsasən Qədimqala kəndində açıq və istixana şəraitində yetişdirilir.

Bir hektara təxminən 5 min ədəd şitil əkən fermerlər məhsuldarlığın yüksək olması üçün aqrotexniki qaydalara tam əməl edilməsini vacib sayırlar.

Fermer Mahir Orucov deyir ki, istixanaların qurulmasında Gürcüstandan gətirilmiş xüsusi parçalardan istifadə olunur. Bu parçalar qış aylarında şaxtaya qarşı səmərəlidir. Bununla yanaşı, fermerlər istixananın daxilində şitillərin inkişafı üçün lazım olan 10-15 dərəcə istiliyi təmin etmək üçün qızdırıcılardan da yararlanırlar.

Hazırda fermerlər ən çox Türkiyədən gətirilən çiyələk sortlarını əkirlər. Çünki, bu sortlardan ilboyu məhsul götürmək mümkündür. Yerli bazarda çiyələyin bir kiloqramı 10-15 manata satılsa da, alıcılar tərəfindən bu giləmeyvəyə yüksək tələb var. Yığılmış məhsul daha çox Şəmkir və ətraf şəhərlərin bazarlarında, eləcə də Bakıda satılır. Bəzən isə sahibkarlar öz məhsullarını xarici bazarlara da ixrac edirlər.

Qədimqala kənd icra nümayəndəsi Əsgər Əsgərov bildirir ki, hazırda kənddə 10 hektardan çox çiyələk yetişdirilir. İlk dəfə olaraq 5 hektarda İspaniyadan gətirilən yeni sort çiyələk əkilib. İlk yığımına mart ayında başlanılacaq həmin sortdan bu il fermerlər daha çox məhsul gözləyirlər. Əgər proqnozlar özünü doğruldarsa, çiyələk sahələri bir qədər də genişləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.