CƏMİYYƏT


Şəmkirdə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar

Bakı, 23 may, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman M.Hacıkişiyevin üzərindən 2 ədəd kağız bükümdə çəkisi 1.164 qram olan heroin, Z.Əmiraslanovun üzərindən isə 1 ədəd sellofan bükümdə 0.478 qram heroin aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri, əvvəllər dəfələrlə məhkum olunmuş Ramiz Əliyevin olduğu müəyyən edilib. Rayon Polis Şöbəsində onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd kağız bükümdə təmiz çəkisi 4.809 qram heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı R.Əliyev narkotik vasitələri satmaq məqsədilə İlham adlı İmişli rayon sakinindən aldığını bildirib. Şəmkir və İmişli Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Qəhrəmanov saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram heroin aşkar olunub.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.