REGİONLAR
Səmti müəyyənetmə idman növü üzrə FHN-in V respublika çempionatının qalibləri mükafatlandırılıb
Qəbələ, 13 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN İşçilərinin Həmkarlar Təşkilatı tərəfindən birgə keçirilən səmti müəyyənetmə idman növü üzrə FHN-in V respublika çempionatının final mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar Təşkilatının sədri Mehman İsmayılov çıxış ediblər. Bildirilib ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyənetmə idman növü üzrə V ölkə çempionatına 19 qurumdan 19 komanda olmaqla, 91 kişi və 5 qadın idmançı qatılıb. İki gün davam edən yarışın final mərhələsində komandaların mübarizəsi ilə yanaşı, FHN-in əməkdaşları şəxsi birincilik üzrə də bacarıqlarını nümayiş etdiriblər.
Füzuli Musayev yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN-in əməkdaşlarının və komanda üzvlərinin qidalanmaları, gecə qalmaları üçün meşədə lazımi şəraiti olan çadırların qurulduğunu bildirib.
Natiqlər səmti müəyyənetmə idman növü üzrə ölkə çempionatında ilk 3 yeri tutan əməkdaşları, komandaların üzvlərini təbrik edib, ölkəmizdə bu idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.
Məlumat verilib ki, FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını yoxlamaq məqsədilə meşə şəraitində keçirilən bu yarışdan öncə baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilib. Sonra kişi və qadın iştirakçılar kompas və xəritədən istifadə etməklə 4 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Burada hər bir idmançıya 2 saat vaxt verilib. Həmin vaxtda nəzarət məntəqələrini tapıb geri qayıda bilməyən iştirakçılar yarışdan kənarlaşdırılıb və qaliblər müəyyən edilib.
Yarışda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci, nazirliyin Mərkəzi Aparatının komandası ikinci, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova ikinci, nazirliyin Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova üçüncü yeri əldə edib. Kişilərin yarışında FHN-in Aviasiya Dəstəsinin əməkdaşı Pərvin Əliyev birinci, Dövlət Yanğından Mühafizə Xidmətinin işçisi Şahin Həmidov ikinci, Mülki Müdafiə Qoşunlarının əməkdaşı Şükür Şükürlü üçüncü yerə çıxıb.
Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, FHN-in əməkdaşları səmti müəyyənetmə idman növü üzrə Azərbaycan milli yığma komandasının heyətinə cəlb olunaraq, dünya və Avropa çempionatlarında iştirak edəcək.