İQTİSADİYYAT
Sentyabrda istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz bahalaşıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Cari ilin sentyabrında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma müşahidə olunub. Yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma qeydə alınıb.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.