İQTİSADİYYAT
Şərq Tərəfdaşlığı ölkələrindən olan jurnalistlər Ukraynaya press-tur çərçivəsində Lvov və Jovkva şəhərlərində enerji baxımından effektiv obyektlərdə olublar
Lvov, 14 iyun, Ruslan Manafov, AZƏRTAC
“OPEN EU Neighbours East” kommunikasiya layihəsinin tərkib hissəsi olan “EU4Energy” çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrindən olan jurnalistlər üçün Ukraynaya təşkil edilmiş press-turun son günündə Jovkva şəhər şurasında növbəti brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqin əvvəlində Dolina şəhər sovetinin katibi Andrey Mazan tədbir iştirakçılarını salamlayıb.
Sonra “Merlərin sazişi – nümayiş layihələri” (CoM DeP) qrupunun rəhbəri Yan Vaanders “Merlərin sazişi” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra Andrey Mazan “Bələdiyyə qazanxanasının və onun qızdırdığı ərazinin modernləşdirilməsinin birinci mərhələsinin yekunları” adlı layihəni təqdim edib.
Brifinq iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Brifinq başa çatandan sonra altı Şərq Tərəfdaşlığı ölkəsindən olan jurnalistlər “Kalinyonka” uşaq bağçasına baş çəkiblər.
Uşaq bağçasının direktoru Svetlana Jub KİV nümayəndələri üçün ekskursiya keçirib, bildirib ki, bu uşaq bağçası cəmi 3,5 ay ərzində modernləşdirilib. Sonra jurnalistlər həmin layihə çərçivəsində modernləşdirilmiş iki qazanxanada olublar. “Jovkvateploenerqo”nun direktoru Roman Kurnat modernləşdirmə müddətləri və onun texniki parametrləri barədə məlumat verib.
KİV nümayəndələri Lvova qayıdandan sonra “İQ Energy Bank”ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Andrey Melniklə görüşüblər. A.Melnik Avropa Yenidənqurma Bankı ilə müştərək layihələr və Ukraynada enerji effektivliyi sahəsində inkişaf barədə danışıb.
Jurnalistlər enerji baxımından effektiv obyektlərdən birinə - “İQ Energy”nin benefisiarları Maryana Dalık və Zoryana Nençukun şəxsi evinə də baş çəkiblər.
Sonda press-turun iştirakçıları Lvov mikrorayonlarının birində IFC layihəsi çərçivəsində modernləşdirilmiş çoxmənzilli evə gediblər.
Jurnalistlər press-tur çərçivəsində Lvov şəhər administrasiyasında da olublar.