ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi sessiya keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

“31 Mart azərbaycanlıların soyqırımı - bəşəriyyətə qarşı görünməmiş cinayət” mövzusunda elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, eləcə də Cənubi Azərbaycanda xalqımıza qarşı soyqırımı, etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.

Akademik G.Baxşəliyeva 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyərək, bu soyqırımına Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hüquqi-siyasi qiymət verilərək, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün təsis edildiyini, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamını xatırladıb.

G.Baxşəliyeva Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırımı ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində Şərqşünaslıq İnstitutunda əhəmiyyətli işlər görüldüyünü bildirərək, institut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolunu vurğulayıb.

1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilən soyqırımı hadisələri ilə bağlı çoxsaylı kitabların müəllifi, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi məruzəsində həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törədilən soyqırımları barədə ətraflı məlumat verib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri “1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı” mövzusunda məruzə edib. H.Səfəri bildirib ki, 1918-ci il soyqırımının məqsədi türk əhali ilə müqayisədə əhalinin çox az hissəsini təşkil edən ermənilərə dövləti yaratmaq üçün Şimali Azərbaycan və Şərqi Anadoluda olduğu kimi, Cənubi Azərbaycanın qərb bölgəsində də əhalinin əksəriyyətini soyqırımına məruz qoyub, demoqrafik dəyişikliklə buna nail olmaq olub. Ümumilikdə İran dövlətinin yaratdığı komissiyasının hesabatına görə, bu soyqırımı nəticəsində Cənubi Azərbaycanın qərb bölgəsində 1918-ci ildə 200 minə qədər günahsız azərbaycanlı qətlə yetirilib.

Sonda məruzələr ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.