REGİONLAR
Sərrast top atəşi ilə düşmənin avtomobil karvanını məhv edən qəhrəman topçu VİDEO
Xaçmaz, 16 iyul, Elxan Yusifli, AZƏRTAC
Artilleriyaçı Rəvan Şahmuradov Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəman döyüşçü göstərdiyi şücaətə görə ölümündən sonra bir orden və dörd medalla təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Şahmuradov Rəvan Dilşad oğlu 1999-cu il iyulun 14-də Xaçmaz rayonunun Şərifoba kəndində dünyaya göz açıb. Ailədə dörd qardaş olublar. Rəvan sağlamlığı ilə əlaqədar hərbi xidmətə 20 yaşında yollanıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Topçu Rəvan Füzuli, Cəbrayıl istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib. Döyüşlərin birində Rəvan dəqiq top atəşi ilə düşmənin canlı qüvvə və silah-sursat daşıyan avtomobil karvanını darmadağın etməyi bacarıb.
“Sentyabrın 25-də sonuncu dəfə Rəvanla telefonla danışdıq. Müharibə başlayandan sonra əlaqə saxlaya bilmədik. İlk gündən döyüşlərə qoşulub. Rəvan ən fəal və sərrast topçulardan biri olub. Hərbi hissə komandiri bizə bildirdi ki, Rəvan sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini, təminat avtomobillərini məhv edib. Onun qəhrəmanlığını Ali Baş Komandanımız İlham Əliyev layiqincə dəyərləndirib. Rəvan orden və medallarla təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə Rəvanın atası Dilşad Şahmuradov söyləyib.
Qəhrəman döyüşçü sentyabrın 29-da Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. Yanında mərmi partlaması nəticəsində ağır yaralanan Rəvan Bakı şəhərində hospitala yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qəhrəman topçu oktyabrın 15-də şəhidlik zirvəsinə ucalıb.
Rəvanın böyük qardaşı Rəşad Şahmuradov da Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərdə iştirak edib.
Şəhidin anası Dürdanə Şahmuradova deyib: “Müharibənin ilk günündən Rəvandan nigaran idik. Amma əlaqə saxlaya bilmirdik. Oktyabrın 3-də bizə bildirdilər ki, Rəvan ağır yaralanıb və Bakı şəhərində Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Yaşaması ehtimalı çox az idi. Ayağı kəsilmişdi, başından da ağır yaralanmışdı. Çox vətənpərvər oğul idi. Hələ xidmətə yollanmazdan əvvəl qohumlardan kim əsgərlikdən gəlirdi, onun hərbi formasını əyninə geyinirdi. Bayraq sevgisi böyük idi. Torpaqlarımız uğrunda şəhid oldu. Vətən sağ olsun!”.
Qəhrəman döyüşçü ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “ Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.