SİYASƏT


Sevinc Fətəliyeva: Dayanıqlı iqtisadi artım, davamlı inkişaf Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir

Paris, 9 aprel, AZƏRTAC

Dayanıqlı İnkişaf Məqsədləri harada yaşamasından asılı olmayaraq, bütün insanlar üçün firavan, sabit və dayanıqlı gələcəyə nail olmağın başlıca və ayrılmaz tərkib hissələridir. Bu, qarşıdakı onilliklər ərzində beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edən olduqca vacib gündəlikdir. Qarşıdakı illərdə bu məqsədlərin daha yaxşı icrası üçün səylərimizi birləşdirəcəyimizə ümid edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinə dair müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib. O, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin səmərəli icrasına dair Azərbaycan təcrübəsindən söz açıb. Bildirib ki, əhatəli və dayanıqlı artımı, davamlı və sabit inkişafı və insan kapitalına yatırımı təmin etmək Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası yaradan ilk ölkələrdəndir.

Koordinasiya Şurasının fəaliyyətinə toxunan deputat qeyd edib ki, bu Şura bütün tərəflərin iştirakını təmin edən və milli plan və strategiyaları məqsədlərlə əlaqələndirərək Dayanıqlı İnkişaf Məqsədlərinə milli məzmun verən mühüm mexanizm kimi fəaliyyət göstərir. Deputat vurğulayıb ki, Azərbaycanda əhalinin həssas təbəqəsindən olan insanların məsələləri ilə əlaqədar daha əlçatan və müasir xidmətlərdən yararlanmaq məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılıb. 2030-cu il Gündəliyinin icrasında monitorinq, qiymətləndirmə, hesabatlılıq vacib amillərdir. Bu məqsədlə vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla bütün tərəflərin geniş iştirakı ilə irəliləyişin izlənilməsi və qiymətləndirilməsinə imkan verən statistika sistemlərinin mövcudluğunu təmin etmək üçün vacib tədbirlər görülüb. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına verilən önəmin göstəricisi olaraq, Azərbaycan 2017-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair ilk Könüllü Milli Hesabatını təqdim edib və ikinci hesabatı 2019-cu ildə təqdim etmək niyyətindədir.

S.Fətəliyeva bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına sadiqdir, 2030-cu il Gündəliyini müxtəlif beynəlxalq və regional platformalarda fəal şəkildə dəstəkləyir və bugünkü müzakirələri tam dəstəkləyirik. Dayanıqlı İnkişaf Məqsədlərinin 17-dən 13-nə töhfə verən Avropa Şurasının da müvafiq rolunu görürük və bugünkü müzakirələr də 2030-cu il Gündəliyinin icrasına daha bir töhfədir. Avropa Şurasının fəaliyyət proqramı və Dayanıqlı İnkişaf Məqsədlərinin bir-biri ilə yaxından əlaqələndirilməsini, eləcə də bu sahədə Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı arasında sıx əməkdaşlığı da dəstəkləyirik.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.