CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Samux, Xızı rayonlarında və Zirə qəsəbəsində VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 8-dən etibarən səyyar “ASAN xidmət” Samux və Xızı rayonlarında, həmçinin Bakının Xəzər rayonunun Zirə qəsəbəsində əhaliyə xidmətlər göstərəcək. Sentyabrın 8-dən 22-dək Samux və Göygöl rayonlarının sakinləri Samuxda, Xızı və Siyəzən rayonlarının sakinləri Xızıda, sentyabrın 8-dən 17-dək Bakı şəhərinin sakinləri isə Zirə qəsəbəsində səyyar “ASAN xidmət”dən yararlana biləcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Cari ilin sonuna kimi səyyar “ASAN xidmət” bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.