DÜNYA
Sidneydə birinci ASEAN-Avstraliya xüsusi sammiti başlayıb
Bakı, 17 mart, AZƏRTAC
Sidneydə birinci ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) - Avstraliya xüsusi sammiti işə başlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək sammitdə azad ticarət və regional təhlükəsizlik məsələləri əsas diqqət mərkəzində olacaq.
Sammitdə Avstraliya ilə yanaşı, Bruney-Darussalam, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailandın dövlət və hökumət başçıları iştirak edir. Filippin isə xarici işlər naziri səviyyəsində təmsil olunur. Bu, ASEAN liderlərinin Avstraliyada keçirilən ilk birgə toplantısıdır.
Sammit iştirakçıları Çin tərəfindən irəli sürülmüş yeni böyük azad ticarət zonasının - Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq zonasının yaradılması təklifini müzakirə etməyi planlaşdırırlar. ASEAN ölkələri arasında Pekinin bu təşəbbüsünə hələlik birmənalı cavab verilməyib.
Qeyd edək ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası 1967-ci il avqustun 8-də Banqkokda (Tailand) təsis edilib. İlk mərhələdə təşkilata İndoneziya, Malayziya, Sinqapur, Tailand və Filippin daxil olub. Sonradan Bruney-Darussalam (1984-cü il), Vyetnam (1995-ci il), Laos və Myanma (1997-ci il), Kamboca (1999-cu il) ASEAN-a üzv qəbul edilib. Papua-Yeni Qvineya və Şərqi Timor qurumda xüsusi müşahidəçi statusuna malikdirlər. Avstraliya isə ASEAN-la 1974-cü ildən tərəfdaşlıq dialoqu çərçivəsində əməkdaşlıq edir. Kanberra və bu təşkilat 2014-cü ildə strateji tərəfdaşlar elan edilib.