İQTİSADİYYAT
Sığorta sahəsində Türkiyə ilə əməkdaşlıq genişlənir
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti arasında videokonfrans keçirilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki qardaş ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub.
Assosiasiyasının müşahidə şurasının sədri Azər Əliyev Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin sığorta sahəsində də təmin olunmasından məmnunluğunu bildirib. O, ötən ilin dekabr ayında iki qurum arasında imzalanmış memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağını vurğulayıb.
Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli də bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və növbəti mərhələdə münasibətlərin dinamik formada təmin edilməsində maraqlı olduğunu qeyd edib. Qardaş ölkənin sığorta requlyatorunun sədri Azərbaycanda sığorta sahəsində Türkiyə təcrübəsinin tətbiq olunması üçün qurum olaraq bütün imkanlarını səfərbər edəcəklərini bildirib.
ASA-nın icraçı direktoru Elmar Mirsalayev qurulmuş əməkdaşlıq çərçivəsində fəaliyyət planının ən tez zamanda tərtib olunmasını zəruri hesab etdiyini vurğulayıb. İcraçı direktor imzalanmış memoranduma əsasən ilk mərhələdə kadr və təcrübə mübadiləsinin həyata keçirilməsinin uğurlu ola biləcəyini qeyd edib.
Türkiyə Sığorta Birliyinin icraçı direktoru Özgür Obalı azərbaycanlı sığortaçıların Türkiyədə təcrübəyə cəlb olunması ilə bağlı bütün lazımi addımları ata biləcəklərini bildirib.
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti hər iki ölkədə COVID-19 pandemiyası səbəbi ilə həyata keçirilən vaksinasiya proseslərindən sonra canlı görüşlərin keçirilməsi ilə bağlı razılığa gəlib.