İQTİSADİYYAT
Sığortaçılar Assosiasiyası Türkiyə Sığorta Birliyi ilə əməkdaşlığa başlayıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) qardaş ölkənin sığorta sektoru üzrə requlyatoru olan Türkiyə Sığorta Birliyi ilə rəsmi əməkdaşlığa başlayıb.
ASA-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar ötən günlərdə iki qurum arasında memorandum imzalanıb. Memoranduma əsasən, qurumlar ikitərəfli münasibətlərin təşkili, iki ölkə arasında sığorta sahəsində kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi, Azərbaycanın sığorta bazarında yeni məhsul strategiyasının formalaşdırılmasında Türkiyə təcrübəsindən istifadə və bu ölkənin təkrarsığorta təcrübəsinin Azərbaycanda tətbiqi üçün addımların atılması istiqamətində razılığa gəlib. İkitərəfli əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində həyata keçiriləcək layihələrdən biri də postpandemiya dövründə türk dünyası ölkələrinin birgə sığorta forumunun məhz bu iki qurumun təşəbbüskarlığı və təşkilatçılığı ilə həyata keçirilməsindən ibarətdir.
Qeyd edək ki, Türkiyə Sığorta Birliyi 1900-cü ildən fəaliyyət göstərir və Türkiyənin sığorta sektoru üzrə requlyatorudur. Quruma Türkiyədə fəaliyyət göstərən 39-u qeyri-həyat, 21-i həyat, 3-ü təkrarsığorta olmaqla 63 sığorta şirkəti üzvdür.